Varna limanındakı terminalların modernləşdirilməsinə özəl investorlar cəlb ediləcək
Bolqarıstan hökuməti dövlət-özəl tərəfdaşlıq proseduru vasitəsilə Varna limanındakı “Varna-Qərb” və “Varna-Şərq” terminallarının modernləşdirilməsi üçün özəl investorları cəlb etməyi planlaşdırır.
“Seanews.az” xəbər verir ki, bu barədə Bolqarıstan Respublikası hökumətinin saytında məlumat verilib.
Baş nazirin müavini Qrozdan Karadjov bildirib ki, hazırda Dünya Bankının ekspertləri Varna limanının inkişaf imkanlarının təhlilini hazırlayırlar. Dövlət-özəl tərəfdaşlıq proseduru ilin sonuna kimi elan olunacaq. Layihənin məqsədi limanın modernləşdirilməsi üçün kifayət qədər investisiyanı təmin edəcək beynəlxalq fond və şirkətləri, həmçinin yeni yükgöndərənləri cəlb etmək və terminallarda daşınan yüklərin həcmini artırmaqdır.
Qeyd olunur ki, hökumətin siyasəti mümkün qədər çox xidmətlərin özəl şirkətlər tərəfindən göstərilməsini təmin etməkdir. Əsas məqsəd dövlətin ortamüddətli perspektivdə lazımi resurslara malik olmadığı mühüm infrastruktur layihələrinin tikintisi ilə bağlı qarşıdan gələn tenderlərdə iştirak etmək üçün beynəlxalq investorları cəlb etməkdir.
“Burqas-Şərq 2” və “Burqas-Qərb” terminallarının modernləşdirilməsindən sonra yük dövriyyəsi 30% artıb.