Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Hər diplomlu kapitan Hacı Vahab olmaz

Hacı Vahab Əliqulu oğlu 1855-ci ildə Bakıda – İçərişəhərdə anadan olub. Artıq dörd yüz il davam edən böyük dənizçilər sülaləsinin bünövrəsini qoymuş ulu babası Hacı Zeynalabdin kimi gəmi kapitanı olub. Dənizçilik peşəsinin sirlərinə çox erkən, hələ uşaq yaşlarından yiyələnməyə başlayıb. Tezliklə Xəzərdə ən təcrübəli kapitan kimi ad çıxarıb. Təhsil almasa da, o dövrün bir çox gəmi sürücülərindən fərqli olaraq Hacı Vahab diplomlu kapitan olub.  

Oxuyub-yazmağı belə bacarmayan Hacı Vahabın diplom almasının maraqlı tarixçəsi var.

1909-cu ildə Xəzər hərbi donanmasına məxsus “Araks” gəmisi saya oturur. Gəminin ağır gövdəsi yarıyadək torpağa batır. Ən güclü yedək gəmiləri, bir həftə çalışsalar da “Araks”ı heç yerindən tərpədə bilmirlər. Çarəsiz qalan komandan adı dillərdə gəzən mahir kapitanı İçərişəhərdən yanına çağıtdırır. Hacı Vahab öz “Nobel” yedək gəmisində körpüyə yan alanda, gəmini görənlərin hamısı problemin həll ediləcəyinə şübhə ilə yanaşır. Lakin çıxış yolu olmayan komandan gəminin saydan çıxarılması əməliyyatının Hacı Vahaba həvalə edilməsi haqqında əmr imzalayır. Və Hacı Vahab diplomlu kapitanların bir həftə müddətində yerindən tərpədə bilmədikləri “Araks”ı on iki saata saydan çıxarır.

Elə həmin gün admiral Hacı Vahabı  yanına çağırıb heyranlığını gizlətmədən, ona mükafat olaraq yüz çervon qızıl təqdim edir. Lakin Hacı Vahab qızılları götürmür, deyir ki, dənizçi diplomunu heç min çevrona dəyişməz. Kapitanın özünəinamı və təmkini admiralın xoşuna gəlir, onunla daha yarım saat söhbət edəndən sonra ətrafındakılara qətiyyətlə söyləyir: “Onun diplomu olacaq!” 

Admiralın  dənizçilik təcrübəsinə və səriştəsinə heyran qaldığı Hacı Vahaba iki ildən sonra  Sankt-Peterburqdan göndərilmiş dənizçilik diplomunu təqdim edirlər. Diplomun əsli Milli Azərbaycan Tarix Muzeyində saxlanılır.

Hacı Vahab 1916-cı ildə dünyasını dəyişib. Ruhu yəqin ki, şaddır. Çünki sülaləsindən olan 25 kapitan və onlarca mexanik bu gün də babalarının yolunu ləyaqətlə davam etdirirlər.  

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı                                                                                                                                                                                               


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır