Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-28,
Seanews
Heyder Eliyev

Xoşbəxt Yusifzadə: Dünyada dəniz neftinə yolu ilk dəfə Azərbaycan açıb

Neft Daşlarının 70 illiyi tamam olur. AZƏRTAC bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadənin məqaləsini təqdim edir.

1941-1945-ci illərin Böyük Vətən müharibəsindən sonra Azərbaycanda neft hasilatı kəskin şəkildə azalmış və 1948-ci ildə 14 milyon tona düşmüşdü.

Respublikada neft hasilatını artırmaq üçün sahənin işini yenidən qurmaq, mədənlərə yeni texnika və texnologiyalar gətirmək, qazma işlərini sürətləndirmək, köhnə yataqlarda lay təzyiqinin tələb olunan səviyyədə saxlanılmasını təmin etmək, dərin neft laylarında kəşfiyyat işlərini gücləndirmək lazım idi. Lakin bunlar da kifayət deyildi. Azərbaycan neftinin şöhrətini bərpa etmək üçün bunlarla yanaşı, yeni neft və qaz yataqlarının kəşf olunması və işlənilməsinin sürətləndirilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edirdi.

Bəs, yeni yataqları harada axtarmalı? Bu sual axtarış-kəşfiyyat işlərinin istiqamətləri barəsində neftçi-alimlər və geoloqlar arasında hələ müharibə illərində yaranmış fikir ayrılığını yenidən gündəmə gətirdi: quruda, yoxsa dənizdə?

Neftçi–alimlərin və geoloqların bir qrupu hesab edirdi ki, kəşfiyyat işlərini quruda aparmaq, bu işləri mezozoy çöküntülərinə yönəltmək və yeni neft yataqlarını orada axtarmaq lazımdır. Onlar bunu belə əsaslandırırdılar ki, dənizdə iş çox baha başa gəlməklə yanaşı, olduqca çətin və risklidir.

Alimlərin və geoloqların digər bir qrupu isə dənizdə işləməyin tərəfdarı idi. “Dənizçilərə” məşhur geoloq Ağaqurban Əliyev başçılıq edirdi. Onlar bildirirdilər ki, axtarış-kəşfiyyat işlərinin Xəzərin içərilərinə - açıq dənizə istiqamətləndirilməsi olduqca perspektivli bir məsələdir və bunun alternativi yoxdur.

Sonda “dənizçilər” qalib gəldilər. Onlar açıq dənizdə kəşfiyyat işlərinin ilk ünvanı kimi Neft Daşları sahəsini seçdilər .


Bunun səbəbi suyun üzündə idi və yaxşı görünürdü. Neft Daşları sahəsində uzununaqırılma boyunca dənizin səthinə çıxan təbii neft və qaz sızmaları geoloqların diqqətini çoxdan cəlb etmişdi. Uzun illərdən bəri neft və qaz çatlar vasitəsilə laylardan dənizə sızırdı. Neft buradakı daşları-qayaları da qara rəngə boyamışdı və bu yer “Qara daşlar” kimi də tanınırdı. Burada neftin yataq şəklində daha dərin yerlərdə yığılıb qalmasının mümkünlüyünü yoxlamaq lazım gəlirdi. Lakin bu fikrin əleyhdarları da var idi və onlar tədqiqat sahəsində neftin dəniz səthinə sızması faktına başqa cür baxır və deyirdilər ki, orada daha nə neft qalıb, nə də qaz. Hamısı suyun üzünə çıxıb, neft suya qarışıb, qaz da havaya uçub. Ağaqurban Əliyev və tərəfdarları isə bu iddialara belə cavab verirdilər ki, suyun üzünə çıxan neft əsasən yuxarı obyektlərdən sızır. Aşağı obyektlər isə neft və qazla zəngindir.

O vaxt SSRİ-nin gələcək qaz sənayesi naziri Sabit Orucovun rəhbərlik etdiyi “Azneftkəşfiyyat” Birliyində bacarıqlı və fədakar insanlar çalışırdılar. Neft Daşlarına göndəriləcək ilk neftçi-desantçılar da Birliyin işçiləri arasından seçilmişdi. 1948-ci il noyabrın 14-də geoloq Ağaqurban Əliyev, istedadlı qazma mütəxəssisi Yusif Səfərov və Sabit Orucov neftçi-desantçılar dəstəsinin digər üzvləri ilə birlikdə təcrübəli kapitan Əjdər Sadıxovun “Pobeda” yedək gəmisində böyük çətinliklə Neft Daşları rayonuna gəldilər və gəmidən enib, suyun üzünə çıxmış qayalıqların birinə qədəm qoydular. Burada onların maraqlı bir “eksperiment”ini yada salmaq istəyirəm: neftçilər iri bir qara daşın üstünə bir neçə kisə sement qoyub, yoxlamaq istədilər ki, su bu kisələri yuyub aparacaq, ya yox. Təxminən iki həftədən sonra onlar həmin yerə qayıdanda sement kisələrini qupquru gördülər. Yalnız bundan sonra – 1948-ci ilin dekabrında dəniz inşaatçılarının ilk dəstəsi “Transportnik” (“Nəqliyyatçı”) gəmisi ilə Pirallahı adasından “Qara daşlar”a göndərildi. Buradakı adacıqda qazma briqadası üçün 14 kvadratmetrlik bir “yaşayış evi” inşa edildi. Sahil ilə gecə-gündüz əlaqə saxlamaq üçün radiostansiya quruldu.

1949-cu ilin iyununda adada ilk quyunun qazılmasına hazırlıq başlandı. Qazma işləri üçün əməliyyat meydanı yaratmaq məqsədilə ömrünü başa vurmuş “Çvanov” gəmisi “Qara daşlar”a gətirilib, neftçilərin nişan verdikləri yerdə batırıldı və dəniz fatehlərinə stasionar qurğu kimi xidmət etməyə başladı. Sonralar ada daha altı köhnə gəminin son mənzili oldu. Həmin gəmilər adanı küləkdən və dalğalardan qorumaq məqsədilə yarıya qədər suya batırıldı. Onların kayut və anbarları isə qazmaçılar üçün yeməkxanaya, tibb məntəqəsinə, yataq otaqlarına çevrildi. Süni adanın ərazisi genişləndi. Az sonra adı şerlərdə, mahnılarda vəsf edilən “7 gəmi adası” belə yarandı.

1949-cu il avqustun 24-də təcrübəli buruq ustası Mixail Kaveroçkinin briqadası dünyada ilk dəfə sahildən 40, Bakı şəhərindən isə 90 kilometr uzaqda – açıq dənizdə 1 nömrəli ilk quyunu qazmağa başladı. Həmin il noyabrın 7-də quyu 942 metr dərinlikdən, Qala lay dəstəsindən ilk neft fontanı vurdu və gündə 100 tondan çox neft verməyə başladı.

Adlı-sanlı buruq ustası, Sosialist Əməyi Qəhrəmanı Mixail Pavloviç Kaveroçkin

“Neft Daşları” yatağı belə kəşf olundu. Coşqun Xəzər dəniz neftçilərinin qəhrəmanlığı, cəsarəti, mühəndis və ustaların fədakarlığı, onların yuxusuz gecələri sayəsində fəth edildi. Azərbaycan tarixə dənizdə neft hasilatının vətəni, Neft Daşları isə dünyanın 8-ci möcüzəsi kimi düşdü.

Neft Daşları, 7 noyabr 1949-cu il. 1 nömrəli quyu neft fontanı vurmuşdur. Əfsanəvi geoloq Ağaqurban Əliyevin və buruq ustası Mixail Kaveroçkinin sevincinin həddi-hüdudu yoxdur.

Neft Daşları yatağının kəşf edilməsi və işlənməsində böyük xidmətlərinə görə 1951-ci ildə Azərbaycan neftçilərinin bir qrupu – Qurban Abasov, Ağaqurban Əliyev, Mixail Kaveroçkin, Nəsrulla Babayev, Aleksandr Kamladze, Yusif Səfərov, Solomon Qrobşteyn, Viktor Noqayev, Sabit Orucov, Əhəd Yaqubov birinci dərəcəli Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı) layiq görüldülər. 

1961-ci ildə isə dəniz neft yataqlarının mənimsənilməsinə görə Ənvər Əlixanov, Abbas Biləndərli, Bəhmən Hacıyev, Məmmədcavad Qasımzadə, Vsevolod Neqreyev, İsrafil Quliyev, Mirkazım Məmmədov, Fuad Səmədov o dövrdə SSRİ-nin ən yüksək mükafatı – Lenin mükafatı ilə təltif edildilər.

Neft Daşları qəhrəmanlar məskəni kimi də geniş şöhrət tapmışdı. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş dəniz neftçilərindən Qurban Abasovun, Ağa Dadaş Kərbəlayı oğlunun, Məmməd Qənbərovun, Məlik Göyçayevin, İsrafil Hüseynovun, Akif Cəfərovun, Mixail Kaveroçkinin, Yusif Kərimovun, Xanoğlan Bayramovun, Bəxtiyar Məmmədovun adları ilə Azərbaycan haqlı olaraq bu gün də fəxr edir.

1950-ci ildə Xəzər nefti ilə dolu ilk tanker Neft Daşlarından sahilə yol aldı. Təxminən bir ildən sonra isə Neft Daşlarında artıq 6 kəşfiyyat quyusundan neft hasil edilirdi. Belə bir vaxtda dənizdə estakada tikintisi məsələsi ortaya çıxdı. Hidrotexniki qurğuların layihəçiləri bu məsələni də uğurla həll etdilər. Neft Daşlarında estakadalar suyun dərinliyi 40 metrə çatan yerlərdə inşa olunur və yataq bu estakadalardan qazılmış maili quyular vasitəsilə istismar olunurdu. Dənizin dərinliyinin artması ilə əlaqədar olaraq, hər estakada meydançasından 4-dən 32-yə qədər quyu qazılırdı ki, bu da yatağın “küt” üsulu ilə işlənməsini təmin edirdi. Bu olduqca səmərəli və mütərəqqi bir üsul idi. Belə maili quyular suyun dərinliyi hətta 60 metrə çatan yerlərin neftinə də gedib çıxmağa imkan verirdi.

Neft Daşlarında estakada

 

Ötən illər ərzində Neft Daşları Azərbaycan neftinin şöhrətinin artırılması işinə böyük töhfələr verib. İşlənmənin əvvəlindən yataqdan təxminən 176 milyon ton neft və 14 milyard kubmetr qaz hasil edilib. Hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir.

İndiyədək Neft Daşları yatağında 1939 quyu qazılıb. Hazırda yatağın istismar fondunda 406 quyu var ki, bunların da 399-u işləyən quyulardır. “Neft Daşları” NQÇİ-nin kollektivi həmin quyulardan gündə 2750 tona qədər neft və 250 min kubmetr qaz hasil edir. İşlənmənin əvvəlindən burada laylara 268 milyon kubmetrədək su vurulub.

İşlənmənin əvvəlində yatağın çıxarıla bilən karbohidrogen ehtiyatı 194 milyon ton neftdən və 15 milyard kubmetr qazdan ibarət idi. Hazırda onun çıxarıla bilən qalıq ehtiyatı 18 milyon tona qədər neft və 2 milyard kubmetrə qədər qaz həcmində qiymətləndirilir. Yataqda cari neftvermə əmsalı 0,45, son neftvermə əmsalı isə 0,50-dir. Düşünürəm ki, neftvermə əmsalının artırılması, yeni sahələrin aşkar edilməsi çıxarıla bilən neft ehtiyatını əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Hər dəfə Neft Daşlarından söz düşəndə ömrümün burada keçən 10 ili gözlərimin önündə gəlib durur. 1954-cü ilin mart ayında “Gürganneft” Neft Mədənləri İdarəsi 1-ci mədəninin (indiki “Neft Daşları” NQÇİ) böyük geoloqu kimi işə başlamış, 1958-1959-cu illərdə idarənin elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, daha sonra həmin sexin rəisi, 1960-1963-cü illərdə idarə rəisinin müavini – baş geoloq vəzifəsində çalışmış və oradan sahilə “Başdənizneft” İdarəsi (sonralar “Dənizneft” İstehsalat Birliyi) geoloji şöbəsinin rəisi-baş geoloqun müavini kimi qayıtmışam. Deyə bilərəm ki, mən Neft Daşlarında hasilatın ən yüksək səviyyədə olduğu illərdə çalışmışam. Amma o illərdə biz harada və necə yaşayırdıq? Kontorumuz – suya batırılmış gəmidə, yeməkxanamız – gəmidə, yatıb-durmağımız – gəmidə.

“Gürganneft” NMİ-də Pirallahı adasına yaxın yerdə - Abşeronun ucunda yerləşirdi. O dövrdə Pirallahı adası ilə Neft Daşları arasındakı qırx kilometrlik yolu “Loger” tipli gəmilər təxminən 3 saata qət edirdi. Sonralar Bakıdan da oraya gəmi işləməyə başladı. “Andoqa” adlı həmin gəmi hava yaxşı olanda Bakıdan Neft Daşlarına 90 kilometrlik yolu 8-9 saata, hava pis olanda isə 12-13 saata gedirdi. Lakin bütün çətinliklərə, bizi tez-tez imtahana çəkən Xəzərin şıltaqlığına baxmayaraq, burada əsl neftçi xarakteri formalaşırdı. On il ekstremal şəraitdə doğmalaşdığım adamlarla birgə çalışmağım mənə çox şey verdi və sonrakı nailiyyətlərimin açarı oldu. Ekstremal şəraitdə müxtəlif xarakterli insanlarla hər gün ünsiyyətdə olmaq, ailə qayğılarını və müxtəlif məişət məsələləri ilə bağlı qayğılarını sahildə qoyub gəlmiş, dalğalar qoynunda bir-birinin ən yaxın, ən doğma adamlarına çevrilmiş fəhlə və mütəxəssislər arasında işləmək hər bir şəxsi o təbii mühitə uyğun şəkildə cilalayır. Dəniz hər şeyi - ən yüksək mənəvi dəyərləri də, insanın dünyagörüşündəki, xarakter və tərbiyəsindəki boşluqları da tez üzə çıxarır, adamları ümumi məqsəd naminə birləşdirir. Mən çox xoşbəxtəm ki, ömrümün on ili Neft Daşlarında keçdi və Xəzər mənim kimi gənc bir mütəxəssisə insanlara gərək olmağı öyrətdi.

Neft Daşları, 1954-cü il. Xoşbəxt Yusifzadə (sağdan ikinci) 1-ci mədənin mütəxəssisləri ilə

Mən o vaxt Neft Daşlarında mühüm bir iş gördüm. Hiss etdim ki, cavan mütəxəssislər axşamlar bilmirdilər nə ilə məşğul olsunlar. Ağlıma gəldi ki, onlar üçün bir iş tapmalıyam. Neft Daşlarında bilik cəmiyyəti yaratdım. Gənc mühəndislərin hamısını bu bilik cəmiyyətinə cəlb etdim. Onların hər birinə ayrı-ayrı mövzular verir, sonra çıxışlarını dinləyib müzakirə edirdik. Deyim ki, bu, çox maraqlı bir iş idi və gənc mütəxəssislər bilik cəmiyyətinin fəaliyyətində həvəslə iştirak edirdilər.

Bizim bu cəmiyyətin səsi bütün respublikaya yayıldı. Bizi Respublika Elmi-Texniki bilikləri cəmiyyətinə qəbul etdilər. Mən hətta Elmi-Texniki bilikləri yayılmasında nailiyyətlərimə görə “Bilik” cəmiyyəti Mərkəzi İdarə Heyətinin xətti ilə Sovet İttifaqından Rumıniyaya yola düşən nümayəndə heyətinin tərkibinə daxil edildim. O vaxt bunun özü də böyük bir mükafat idi.

Neft Daşlarında həqiqi romantika ilə dolu fərəhli günlərlə yanaşı, təəssüf ki, çox ağır, hətta faciəli günlərimiz də olurdu. 1957-ci il noyabr ayının 20-dən 21-nə keçən gecə baş vermiş faciəni bu gün də bütün təfərrüatı ilə xatırlayıram. O vaxt Neft Daşlarında mədən müdirini əvəz edirdim. Axşam saat doqquz radələrində “Gürganneft” Neft Mədənləri Trestinin baş mühəndisi Bəhmən Hacıyev zəng edib dedi ki, ehtiyatlı olun, güclü külək əsəcək. Sonra da tapşırdı ki, “ustaları götür, çıx mədən ərazisinə, görün vəziyyət nə yerdədir”.

Tez yığışıb, çıxdıq. Estakadada yerimək mümkün deyildi. Birtəhər özümüzü 3-cü neftyığma məntəqəsinə yetirdik. Dalğalar quyulardan məntəqəyə gələn boru xətlərini sındırıb dağıdırdı. İşləyən quyuları bağlamaq lazım idi. Operatorlar bu işi çox çətinliklə yerinə yetirirdilər, çünki ayaq üstə durub nəsə etmək mümkün deyildi. Onlar estakadada sürünə-sürünə gedirdilər. Səhərədək bu işləri gördük. Səhər saat 5-də Bəhmən Hacıyev zəng etdi. Xəbər verdi ki, üzərində buruq ustası Mixail Kaveroçkinlə birlikdə 22 nəfərin olduğu özülü buruqla birlikdə dalğa yuyub aparıb. Bu ağır xəbəri yanımdakıların hamısı eşitdi. Həmin dəqiqələrdə adamlara tapşırıq verib, yenidən hara isə yollamaq çox riskli idi.

Səhər açıldı. Yoxlama, araşdırma başlandı. Məlum oldu ki, gecə dalğalar köhnə estakadaların da bir hissəsini yuyub aparıb. Öyrəndik ki, gecə küləyin sürəti saniyədə 43 metrə, dalğanın hündürlüyü isə 13 metrə çatıbmış. Son 100 ildə Xəzərdə belə bir hadisə müşahidə edilməmişdi. Ona görə də dənizdə hidrotexniki qurğular inşa ediləndə bunu nəzərə almamışdılar. Amma həmin vaxtdan - 1957-ci ilin noyabrından başlayaraq bütün yeni layihələr bu faktorlar nəzərə alınmaqla işlənirdi. Həm təzə hidrotexniki qurğular bu faktorlara əsasən inşa edilirdi, həm də harada mümkün idisə, orada köhnə qurğular yeni hündür estakadalarla əvəzlənirdi.

Üstündən 62 il keçsə də 1957-ci ilin həmin noyabr gecəsində baş verənlər bu günədək mənim yaddaşımdan silinməyib.

Kəşf olunduğu vaxtdan başlayaraq, işlənmənin bütün dövrlərində Neft Daşlarına insanlar həmişə böyük neft məbədi, neft ziyarətgahı kimi baxmışlar. Yazıçı və şairlərdən, mədəniyyət və incəsənət xadimlərindən tutmuş, dünyanın məşhur siyasət adamlarına qədər hamı Neft Daşlarını öz gözləri ilə görmək istəyirdi.

SSRİ Xalq artisti Bülbülün səsi burada dalğaların səsinə qarışmışdı. Böyük yazıçımız Mehdi Hüseyn özünün məşhur “Abşeron”, “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” romanları üzərində işləyəndə həftələrlə Neft Daşlarında “yaradıcılıq növbəsində” olmuşdu. Məşhur sovet kino rejissoru və kinooperatoru, sənədli kino ustası, jurnalist və publisist Roman Karmen 1953-cü ildə “Xəzər neftçiləri haqqında povest” və 1959-cu ildə “Dənizi fəth edənlər” filmlərini çəkəndə neftçilər kimi özü də dəfələrlə cəsarət göstərmişdi. Həmin filmlər keçmiş SSRİ-nin respublikalarında və xarici ölkələrdə nümayiş etdirilmiş, Xəzər neftçilərinin şöhrətini dünyaya yaymışdı. “Dənizi fəth edənlər” filmində Karmen məni də çəkmişdi və indi həmin filmə baxanda dənizdə keçən gənclik illərimi xatırlayıram.

Neft Daşlarında SSRİ-nin və xarici ölkələrin bir çox siyasi xadimləri, dövlət rəhbərləri və nazirləri də olmuşlar. Keçmiş SSRİ-nin neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri–SSRİ Nazirlər Soveti sədrinin müavini, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Nikolay Konstantinoviç Baybakov yatağın kəşf edildiyi 1949-cu ildə Neft Daşlarına gəlmişdi .

 “Azərdənizneft” Birliyinin rəisi Əhəd Yaqubov, məşhur geoloq Ağaqurban Əliyev və SSRİ Neft sənayesi naziri Nikolay Konstantinoviç Baybakov Neft Daşlarında. 1949-cu il 

Mənim Nikolay Konstantinoviçlə tanışlığım 1954-cü ildə başlanmışdı. O vaxt mən artıq Neft Daşlarında işləyirdim, gənc geoloq idim. O isə neft sənayesinin tanınmış marşalı idi. Bizim tanışlığımız sonralar böyük dostluğa çevrildi. 1999-cu ildə biz onu Neft Daşlarının yarıməsrlik yubileyinə dəvət etdik. N.K. Baybakov Bakıya gəldi, qırx beş ildən sonra Neft Daşlarını yenidən gördü və çox sevindi.

 

SSRİ Qaz sənayesi naziri Viktor Çernomırdin də Neft Daşlarının adını həmişə böyük hörmətlə çəkirdi. O, Xəzər neftçilərinin əməyini və qəhrəmanlığını çox yüksək qiymətləndirən rəhbərlərdən biri idi.

 

SSRİ neft sənayesi naziri Viktor Stepanoviç Çernomırdın Neft Daşlarında. “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktoru Qurban Abasov nazirə dənizdəki işlər barəsində məlumat verir

SSRİ kimi nəhəng bir ölkənin rəhbəri Nikita Xruşşovun buraya gəlişi də yadıma düşür. 1960-cı il idi. Nikita Sergeyeviç Xruşşov Azərbaycana gəlmişdi. O, Neft Daşlarını da görmək istəmişdi. O vaxt mən artıq Neft Daşlarında elmi-tədqiqat və istehsalat idarəsinin rəisi işləyirdim. Neft Daşlarında elmi-tədqiqat işləri və laylarda təzyiqi onlara su vurmaq yolu ilə saxlamaq vəzifəsi bizim idarəyə həvalə edilmişdi. Yeri gəlmişkən qeyd edim ki, gündə 20-22 min ton neft hasil etmək üçün hər gün laylara 30 min kubmetr su vurulurdu. 

Neft Daşlarında N.S.Xruşşova göstərilmək üçün seçilmiş obyektlərdən biri də rəhbərlik etdiyim idarənin üçüncü suvurma stansiyası idi. Burada böyük təzyiqli nasoslar işləyirdi. Hərdən quyulara güclü təzyiq altında su vurmaq lazım gələndə iki nasosu birləşdirib, təzyiqi 90 atmosferə çatdırırdıq. Bəzən bu, su nasosları gövdəsinin, yaxud qapaqlarının partlaması ilə nəticələnirdi.

İş elə gətirdi ki, N.S. Xruşşov bizim sahəyə qədəm qoyanda, tərslikdən, birbaşa bu nasoslara tərəf getməyə başladı. Mən bərk təşvişə düşdüm, fikirləşdim ki, Allah eləməmiş, nasosların birində qəflətən partlayış olsa, onda neyləyərik? Axı bunu təxribat kimi də qələmə verə bilərdilər! Odur ki, cəld tərpənib, sovet rəhbərinin qarşısını kəsdim və dedim:

‒ Бoльшoe Вaм спасибо, дорогой Никита Сергеевич, за то, что Вы к нам приехали. (“Əziz Nikita Sergeyeviç, çox sağ olun ki, bizə gəlmisiniz”).

1960-cı il. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Sergeyeviç Xruşşov Neft Daşlarında.  “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Bəxtiyar Məmmədov(ortada) və idarə rəisinin müavini-baş geoloq Xoşbəxt Yusifzadə (sağdan birinci)

Bu sözlərdən sonra Nikita Xruşşovu müşayiət edən şəxslər də dayandılar və elə oradaca istehsalata dair söhbət başlandı. O vaxt N.S.Xruşşov sahil ilə Neft Daşları arasında vertolyotların uçuşlarını təşkil etməyi tapşırdı və bu marşrutda vertolyotlar elə həmin ildən uçmağa başladı. Xruşşovun ikinci təklifi də kifayət qədər orijinal və maraqlı idi. O, Neft Daşları sahəsində quru yerin az olduğunu nəzərə alıb burada doqquzmərtəbəli yataqxanalar tikməyi məsləhət gördü və belə bir yataqxana inşa edildi.

Bir-birindən kəskin şəkildə fərqlənən çoxsaylı geoloji obyektlərinə və zəngin neft ehtiyatına görə unikal yataq olan Neft Daşlarının işlənməsinin böyük bir mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Neft Daşlarında dəfələrlə olmuş, dəniz neftçilərinin əməyini daim yüksək qiymətləndirmişdi. Neft Daşlarının 25 illik yubileyinə isə o, SSRİ neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşinlə birlikdə gəlmişdi. Ulu Öndərimiz yubiley mərasimində dəniz neftçiləri ilə, onların hünəri ilə fəxr etdiyini dedi. O, Xəzər neftçilərinə xüsusi qayğı göstərirdi. Təkcə belə bir faktı qeyd edim ki, Ümummilli Liderimizin respublikaya rəhbərlik etdiyi 70-ci illərdə neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı. Neftçilərin 95 faizindən çoxunun mənzil problemi həll olunmuşdu. Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə də Heydər Əliyev ölkəmizin neft sənayesinin inkişafında Neft Daşlarının rolunu xüsusi qeyd edirdi. Deyirdi ki, Azərbaycanın “Yeni neft strategiyasının maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur”.

Neft Daşları, 1974-cü il. Heydər Əliyev və SSRİ-nin neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşin Neft Daşlarının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə

Vaxtilə Neft Daşlarından başlanmış və 25 il bundan qabaq bizi “Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissə) yataqları üzrə “Əsrin müqaviləsi”nə, daha sonra “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi nəhəng və iri qaz-kondensat yataqlarına gətirib çıxarmış böyük neft epopeyasının yeni parlaq səhifələri Heydər Əliyevin neft strategiyasının layiqli davamçısı – möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yazılır. Cənab İlham Əliyev Neft Daşlarının 55 və 60 illik yubileylərini burada bizimlə birlikdə qeyd etdi. 2009-cu ildə “Möcüzələr adası”nın 60 illiyinə həsr olunmuş mərasimdəki çıxışında Prezident dedi ki, “Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır...Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır”. Prezidentimiz belə bir həqiqəti xüsusi vurğulamışdır ki, “neft sənayesinin və neftçilərin ölkəmizin inkişafında çox böyük rolu, çox böyük xüsusi çəkisi vardır”.

Neft Daşları, 7 noyabr 2009-cu il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Möcüzələr adası”nın 60 illiyinə həsr olunmuş mərasimdə çıxış edir

Yubiley günündə Prezident SOCAR-ın rəhbərliyi ilə birlikdə Neft Daşlarının ərazisini gəzdi, dəniz mədənlərindəki yeniliklərlə, neftçilərin gördükləri işlərlə tanış oldu.

 Neft daşlarının 60 illiyinə həsr olunmuş mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev muzeyinin qarşısında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft Daşlarında yeniliklərlə tanış olur

Burada “Neft Daşları” yatağının kəşfinin və işlənilməsinin Azərbaycanda neft sənayesinin inkişafında və dünyanın yanacaq-energetika potensialının artırılmasında rolu barəsində fikirlərimi bölüşmək istəyirəm:

- Bu yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələnin – dəniz yataqlarının mənimsənilməsi mərhələsinin başlanğıcını qoydu;

- Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Ötən illərdə Neft Daşlarında meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib;

- Neft Daşları Azərbaycanda neft hasilatının artmasına təkan verdi. Respublikada illik neft hasilatı 1948-ci ildəki 14 milyon tondan 1966-cı ildə 22 milyon tona çatdı.

- Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu məhz “Neft Daşları”nda tətbiq edildi. İşlənmənin əvvəlindən bəri Neft daşlarında laylara 268 milyon ton su vurulmuş, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılmışdır. Su vurulan horizontlardan indiyədək 108 milyon ton neft çıxarılmışdırsa, bunun 24 milyon tonu suvurma nəticəsində əldə edilən əlavə neftdir.

- “Neft Daşları” açıq dənizdə təcrübəli kadrların hazırlanması üçün praktiki bir məktəb oldu Həmin mütəxəssislər nəinki Azərbaycanda və keçmiş SSRİ-də, həmçinin dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə işləyirdilər;.

“Neft Daşları” yatağının işlənməsində fərqlənmiş mütəxəssislərin bir qrupu. Soldan: Fərhad Həmzəyev, Xoşbəxt Yusifzadə, Ənvər Məmmədov, Nəsrulla Babayev, Əziz Sultanov, Bəhmən Hacıyev, Ələkbər Süleymanov, Uaqub Kazımov, Neman Qasımov, Mirkazım Məmmədov, Mais Hacıyev

- Abşeron-Balxanyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaratdı;

- Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş Neft Daşlarının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında – Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Dünya okeanları və dənizlərinin şelfində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin təməlini Azərbaycan neftçiləri qoymuşlar.

Artıq qeyd etdiyim kimi, Neft Daşları yatağında qalıq neft ehtiyatının çıxarılması işləri hələ 15-20 il davam edə bilər. Lakin fikrimizcə, Neft Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır.

Eyni zamanda, ekoloji məsələlər unudulmur. Tərtib edilmiş ekoloji proqramlar əsasında əhəmiyyətli tədbirlər həyata keçirilir. Məsələn, gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulmuşdur. Neft Daşlarında içməli su problemi müasir bir qurğunun inşası ilə birdəfəlik həll edilmişdir. Köhnə estakadaların sökülməsi prosesi davam etdirilir. Yeni tikilən özüllərdən qazma işləri ekoloji baxımdan daha müasir və təhlükəsiz metodlarla, o cümlədən eyni bir dəzgahla maili istiqamətləndirilmiş bir neçə quyunun qazılması üsulu ilə həyata keçirilir.

Bu gün Neft Daşları abad bir dəniz şəhəridir. Hazırda bu şəhərdə 1654 dəniz neftçisi yaşayır və işləyir.

 Neft Daşları bu gün

Möcüzələr adasının bugünkü mənzərələri görənləri valeh edir. Onun sosial həyatı tamamilə dəyişib. Neftçilər üçün burada beynəlxalq standartlara uyğun əmək və məişət şəraiti yaradılıb. Binalar zövqlə təmir edilib, yeni idman qurğuları, mədəniyyət və iaşə obyektləri inşa olunub, gözəl parklar salınıb. Burada Ümummilli Liderimizin abidəsi ucaldılıb, Heydər Əliyev muzeyi yaradılıb. Muzeyin eksponatları Ulu Öndərin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətini, onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirir. Muzeydə neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən eksponatlara da geniş yer ayrılıb. 

Neft Daşlarında 1957-ci ilin noyabrında baş vermiş güclü qasırğada həlak olmuş Xəzər fatehlərinin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhid neftçilərin xatirəsinə əbədi ehtiram ifadəsi olaraq möhtəşəm abidə də ucaldılıb.

Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Bu gün də o, “möcüzələr adası” olaraq qalır və insanlar bu möcüzəni indi də ziyarət etməyə can atırlar. Dünya ölkələrinin hökumət başçılarını, parlament üzvlərini, alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimlərini buraya cəlb edən, yalnız neft və bu dəniz şəhərinin bənzərsiz mənzərələri deyil, həm də coşqun Xəzəri ram edən insanların iradəsi və qəhrəmanlığıdır.

Mən Neft Daşlarının veteranlarını, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin işçilərini və onlarla birlikdə bütün dəniz neftçilərini şanlı yubiley münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıram.

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır