Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Çəkisi tonlarla ölçülən gəmi suyun üzərində necə qalır?

Bu sual yəqin ki, çoxlarını düşündürür: çəkisi tonlarla ölçülən gəmi suyun üzərində necə qalır? Fizika fənnnindən bu hadisənin Arximed qanununa əsasən baş verdiyini öyrənmişdik. Bəs, bu prosesə təsir edən başqa hansı amillər var?

Suallarımızı Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri İsaq Xankişiyev cavablandırır.  

İsaq müəllim, maraqlıdır, hansısa dəmir parçasını suya atsaq, batacaq. Bəs, necə olur ki, çəkisi tonlarla olan gəmilər suyun üzərində qala bilir?

Təbii ki, bunun elmi izahı Arximed qüvvəsi hesabına verilir. Qədim yunan alimi və mühəndisinin sübut olunmuş fərziyyəsinə görə, mayeyə batırılmış cism onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə geri itələnir.  

Bütün cismlər suda bu qanuna əsasən qalır?

Bəli. Amma gəmiləri bu qanunauyğunluğa tabe etmək üçün onları layihələndirərkən bəzi məqamlar nəzərə alınmalıdır. Gəmilərin gövdəsi sukeçirməz xarici örtük təbəqəsindən və göyərtə döşəməsindən ibarət olur və daxildən yığımla möhkəmləndirilir. Gəminin gövdəsində boş sahələr yaradılır, bu boşluqlarda hava yaranır və bunun hesabına onun sıxlığı suyun sıxlığından daha az sıxlığa malik olur. Gəmi məhz bunun hesabına suyun üzərində qala bilir. Başqa sözlə, gəmi öz həcmi qədər su kütləsindən yüngül olduğu üçün suda batmır.

Yəni, bütün bu proses gəmi suya buraxıldıqdan sonra baş verir?

Gəmi suya enən kimi onun sualtı hissəsinin həcmi qədər suyu sıxışdırıb çıxarır və bu suyun çəkisi gəminin ümumi çəkisinə bərabər olur. Buna gəmi mühəndisləri çəki su basımı deyirlər.

Başqa sözlə, gəmidə süni qüvvə yaradılır?  

Bəli. Təbiətdə olan ağırlıq qüvvəsi gəmini suyun dibinə doğru çəkir, lakin gəminin gövdəsindəki boşluqlar hesabına yaranan qüvvə əks istiqamətdə təsir edərək onun suda üzmə qüvvəsini yaradır. Buna gəminin üzmə qabiliyyəti deyilir.

Gəminin üzmə qabiliyyətinə suyun tərkibinin təsiri varmı?

Əlbəttə ki, gəminin üzmə qabiliyyətinə suyun duzluluq dərəcəsinin təsiri var. Gəminin yüklənməsi dəyişmədən şor sudan şirin suya keçdikdə onun suya oturumu artır və ya şirin sudan şor suya keçdikdə azalır. Buna səbəb şirin suyun sıxlığının şor suyun sıxlığından az olmasıdır.

Belə aydın olur ki, şor və şirin suda üzməyindən asılı olaraq gəminin yüklənməsi də müxtəlif olmalıdır?

Gəminin yüklənməsi yalnız şirin və şor suda üzməsinə görə deyil, həm də hansı rayonlarda və ilin hansı fəslində istismar edilməsindən asılı olaraq tənzimlənir. Bunun üçün yük markasından istifadə edilir. Yük markası üç elementdən ibarət olan və gəminin bortlarında göstərilən xüsusi işarədir.

Gəmilər hansı materiallardan hazırlanır?

Bildiyimiz kimi, gəmilər ən qədim tarixə malik nəqliyyat vasitələrindən biridir və ilk olaraq onların inşasında gövdə materialı kimi ağacdan istifadə edilirdi. Müasir dövrdə isə gəmilər poladdan, ağacdan, yüngül xəlitələrdən, plastik kütlədən və s. materiallardan istifadə etməklə tikilir.

 

Musa Əliyev - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır