Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-29,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasının Prorektoru ilə MÜSAHİBƏ

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov Sonxeber.az-ın suallarını cavablandırıb.

- Zahid müəllim, öncə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilin üstünlükləri barədə məlumat verərdiniz.

- Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə fəaliyyət göstərən nadir ali məktəblərdəndir ki, diplomu beynəlxalq səviyyədə tanınır. Bizim ali məktəbin diplomunu alan şəxs 170-dən çox ölkədə işləyə bilər. Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris planları və metodikası beynəlxalq tövsiyələr üzərində qurulub. Biz Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarını rəhbər tutaraq təhsilimizi təşkil edirik. Başqa ali məktəblərdə praktika maksimum 14 həftə olduğu halda, bizdə 52 həftədir. 100-ə yaxın gəmidə tələbələr təcrübə keçirlər. Bizim sahəmizin üstünlüyü ondan ibarətdir ki, dənizçilik ixtisaslarını bitirənlərin hər biri yüksək əmək haqqı alır. Elə tələbələrimiz var ki, təhsilini bitirib xarici şirkətlərdə 8000-10000 dollar maaşla işə düzəlir. Azərbaycanda da bu ixtisası bitirənlər yüksək maaş alır. Hüququ bitirən şəxslər bizim akademiyada ikinci təhsil almaq istəyir. O, gələcəyini təmin etmək üçün bu sahəyə can atır. Azərbaycan Dövlət Dəniz Akademiyasında müasir bazaya malik Təlim-Tədris Mərkəzi var. Avropa Dəniz Təhlükəsizliyi Agentliyindən bizə yoxlama gəlmişdi. Onlar Təlim-Tədris Mərkəzindən razı qaldılar. Bizim ən müasir trenajorlarımız və avadanlıqlarımız var. Ona görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC bizim təhsil ocağımıza "Sabit Orucov" sərnişin gəmisini tədris gəmisi kimi ayırıb. Akademiyanın tələbələri həmin gəmidə həm dərs, həm də təcrübə keçirlər. Bizdə Türkiyə, Hindistan, Ukrayna, Gürcüstan və Türkmənistandan tələbələr oxuyur. Həmin tələbələrə bizimkilər kimi yüksək şərait yaradırıq. Akademiyamızın digər üstünlüyü ondan ibarətdir ki, tələbələrimizə gündə iki dəfə isti yemək veririk. Müəllim və professorlarımız da tələbələrlə eyni qazandan yemək yeyir. Bundan əlavə, tələbələrimizi xüsusi geyim və yataqxana ilə təmin edirik.

- Peşəkarlıq üçün təcrübə çox vacibdir. Akademiyada tələbələrin təcrübə qazanması üçün hansı imkanlar mövcuddur?

- Bizdə təcrübəyə xüsusi önəm verilir. Tələbə hər tədris ili bitəndə minumum 3 ay gəmidə olur. 4-cu kursda 4 ay, ümumilikdə isə 12 ay  təcrübə keçirlər. Bu, Beynəlxalq Dəniz Təşkilatının tələbidir. Tələbələr minimum 52 həftə təcrübə keçməlidir. Bizim tələbələrimiz təcrübəni gəmidə real şəkildə keçirlər. Xarici sularda üzən gəmilərimizə də gedənlərimiz var. ADDA-da 3 dildə tədris aparılır: azərbaycan, rus, ingilis. İngilis dilində 4 qrupumız var. O, qruplardakı tələbələrimizlə ünsiyyətdə olsanız görərsiniz ki, ingilis dilini necə bilirlər. İngilis dilində təhsil almaq üçün uzağa getməyə ehtiyac yoxdur. Həmin qruplarda hindistanlı tələbələr var ki, onlar da ingilis dilində təhsil alırlar. Tələbələrin gəmidə təcrübə keçməsi üçün onlara kifayət qədər xərc gedir. Bütün xərclər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən ödənilir. Hətta xaricə gedən gəmilərdə təcrübə keçən tələbələr maaş alırlar. Yəni həm öyrənirlər, həm də qazanırlar. Tələbə gəmidən düşən zaman öz sahəsini yaxşı bilir. 

- Zahid müəllim, akademiyada neçə istiqamət üzrə tədris həyata keçirilir?

- Bizdə bütün səviyyələr üzrə təhsilimiz var. Siravi heyət mütəxəssisləri, yəni matros, motorçu, elektrik hazırlanması, subbakalavriat (kollec), bakalavriat, magistratura, doktorantura pillələri var. Bakalavriat və magistratura pillələrində 4, doktorantura pilləsində isə 3 ixtisasımız mövcuddur.

- Akademiyaya test üsulu ilə qəbul olunan gənclər savad baxımından sizi qane edirmi?

- Son illərdə görülən tədbirlər nəticəsində 500-600 baldan yuxarı yığan abituriyentlər akademiyamıza daxil olur. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 450 baldan yuxarı balla daxil olan tələbələrimizə yüksək təqaüdlər təyin edir. Minimal təqaüd 100, maksimum isə 180 manatdır. Hesab edin ki, tələbələrimiz həm dövlət büdcəsindən, həm də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən təqaüd alırlar. Dərslik yazan müəllimlərimizə qrantlar ayrılır. Bütün addımlar tələbələrimizin normal şəraitdə arzuladıqları təhsili almaqdan ötrü atılır.

- Daxil olan tələbələr arasında qızlar da varmı?

- Əvvəllər qızların Akademiyaya daxil olmasına qadağa qoyulmuşdu. Artıq o qadağa götürülüb. Hazırda 5 qız tələbəmiz var. Onlar içərisində biri 600 balla gəmi sürücülüyünə daxil olub. Fatimə Abbasova. Hazırda ingilis dili qrupumuzdadır. O, gəmidə kapitan olmaq arzusundadır. 

- Akademiyanın hansı beynəlxalq universitetlərlə əlaqəsi var?

- Demək olar ki, bir çox MDB və Avropa ölkələrində yerləşən universitetlərlə münasibətlərimiz mövcuddur. Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukraynadakı dəniz universitetlərilə sıx əməkdaşlığımız var. Bizim ikili diplom proqramımız var. Qazaxıstan üçün 30 tələbə hazırladıq. Hazırda Ukrayna, Gürcüstan ikili diplom proqramı ilə bağlı bizimlə əməkdaşlıq etmək istəyir.

- Tələbələrinizdən xaricdə təhsilini davam etdirənlər varmı?

- Biz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin dəstəyi ilə 2 tələbəmizi İsveçə, magistraturaya oxumaq üçün göndərmişik.

- Akademiyada xarici tələbələr üçün hansısa xüsusi güzəştlər nəzərdə tutulubmu?

- Xarici tələbələrimizə xüsusi diqqət və qayğı göstəririk. Azərbaycanlı tələbələrimizə tətbiq etdiyimiz güzəştləri onlara da şamil edirik. Onlar da pulsuz yemək və geyimlə təmin olunurlar. Yataqxanada da xüsusi şərait yaradırıq ki, özlərini yad hiss etməsinlər. 

- Gələcəyin dənizçisindən hansı keyfiyyətlər tələb olunur?

- Dənizçi  iradəli və öz sahəsində yüksək biliklərə malik mütəxəssis olmalıdır. Çünki ona həm insan həyatı, həm də minimum 30-40 milyonluq gəmi etibar edilir, gəmi isə ölkənin bayrağını daşıyır. Bilirsiniz ki, dəniz insanla zarafat etmir. Ona görə də gələcəyin dənizçisi xüsusi hazırlıq keçməlidir.

- Məzunların işlə təmin olunmasına Akademiya hansısa köməklik göstərir?

- Akademiyanı bitirən məzunlar həm Azərbaycanda fəaliyyət göstərən, həm də xarici ölkələrdə olan dənizçilik şirkətlərinə işə qəbul edilirlər. Bizim tələbələr xarici ölkələrə praktikaya gedən zaman öz iş yerlərini tapmış kimi olurlar. Azərbaycanda da xarici gəmiçilik şirkətləri var. Onlar bizim tələbələri təcrübə üçün qəbul edirlər. Sonra o tələbələrdən ən yaxşılarını seçib işə götürürlər. 

- Akademiyanın gələcək planları nələrdir?

- Azərbaycan Dövlət Dəniz Akademiyası qarşısına məqsəd qoyub ki, Azərbaycanda bu sahədə müasir təhsil modelini qursun. Bunun üçün də xaricdə bu sahədə təhsil verən ali məktəblərlə əlaqələr qururuq. Onların təhsilini öyrənib, yenilikləri ölkəmizə gətirməyə çalışırıq. Bundan əlavə çalışırıq ki, müasir trenajorlar alınsın və ana dilimizdə dərsliklər yazılsın. Bizim rəhbərlik çalışır ki, həm tələbənin, həm də müəllim heyətinin şəraiti yaxşılaşsın. İstəyirik ki, akademiyamızın adı hər yerdə hörmətlə çəkilsin.

Aysel Yusifqızı 
FOTO: Leyla Mustafazadə 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır