Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dəniz Akademiyasında təhsil alan hindistanlı tələbələrlə MÜSAHİBƏ

Azərbaycan Dövlət Dəniz Akademiyası regionda peşəkar dənizçi kadrlar hazırlayan yeganə təhsil ocağıdır. Azərbaycan, rus və ingilis dillərində tədris, dərs vəsaitlərinin tələbələr üçün təmənnasız olması, müasir tələblərə cavab verən Təlim-Tədris Mərkəzi, pulsuz geyim forması, Bakının mərkəzində yerləşən güzəştli ödəniş şərtləri ilə yataqxana, gündə iki dəfə pulsuz yemək və s Azərbaycan Dövlət Dəniz Akademiyasına təkcə ölkəmizdə yox, xaricdə də marağın böyük olmasına zəmin yaradır.

ADDA-da təhsil alanlar arasında Türkmənistan, Türkiyə, Qazaxıstan kimi yaxın ölkələrin vətəndaşlarına tez-tez rast gəlinir. Bu il ilk dəfə olaraq Azərbaycandan kifayət qədər uzaq məsafədə olan Hindistan vətəndaşları da dənizçi olmaq istəyi ilə ADDA-nı seçib.

2019-2020-ci tədris ilində Hindistanın Kerala ştatından olan Girilal Krişnalal və Abicit Saycamon ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul olublar. Daha iki nəfər Türkmənistan, bir nəfər isə Türkiyə vətəndaşıdır. Türkmən tələbələri də hindistanlılar kimi gəmi kapitanı olmaq arzusundadırlar. Qardaş Türkiyədən olan Hüseyn isə gəminin energetiik qurğularının idarəetmə mühəndisliyinin sirlərini ADDA-da öyrənmək arzusundadır.

Xarici tələbələrin hamısı Akademiyanın yataqxanasında yaşayırlar.

Hindistanlı Abicitin dediyinə görə, ölkəsində keçirilən təhsil sərgilərindən birində Azərbaycan və Ukraynada fəaliyyət göstərən bu tip ali təhsil müəssisələri haqqında məlumat əldə edib. Amma seçimi Azərbaycan olub.

- Abicit, niyə məhz buranı seçdin?

- Azərbaycan haqqında çox eşitmişdim. Bilirdim ki, sabit ölkədir. İnternetdə ölkəniz haqqında çoxlu videolara baxırdım. Bakı çox xoşuma gəldi. Üstəlik, təhsil haqqı baxımından da Azərbaycan Dövlət Dəniz Akademiyası mənim üçün sərfəli oldu.

-Krişnalalla eyni şəhərdənsiniz?

- Bəli. Amma biz onunla Azərbaycana gələndə Hindistanda hava limanında tanış olmuşuq.

Krişnalalın 19 yaşı var. O da öz seçiminin ADDA olmasının səbəblərindən danışır:

- Mənə bu Akademiya haqqında dostum danışmışdı. Demişdi ki, naviqasiya ixtisasını ADDA-da yaxşı öyrədirlər. Özüm də məlumat topladım. Gördüm ki, seçmək istədiyim ixtisası 2018-ci ildən artıq ingilis dilində də öyrədirlər. Ona görə də burada oxumaq qərarına gəldim.

-Təəsüratlarınız necədir?

-Öncə qeyd edim ki, şəhəriniz çox gözəldir. Ən əsası, təmizdir. Xəzər dənizi də çox xoşumuza gəldi. Akademiyanın dənizin yaxınlığında olması lap yerinə düşdü.

-Bəs Akademiya haqqında nə deyə bilərsiniz?

-Biz hələ 1-ci kursdayıq. Dərslərimiz təzə başlayıb. Amma artıq burda olan nizam-intizam, təhsil səviyyəsinin ciddi olduğunu anlayırıq. 1-ci semestrdə ancaq ingilis dili fənni keçirik. Müəllimlərimizdən razıyıq.

-Akademiyada tələbələr üçün yaradılan şəraitdən razısınızmı?

-Doğrusu, mən bu cür olacağını gözləmirdim. Demək olar ki, hər şərait yaradılıb. Pulsuz geyim forması veriblər, yataqxanada qalırıq. Həm orda, həm də Akademiyada artıq dostlarımız var.

-Yeməklərimiz necə, xoşunuza gəlir?

- Bizim demək olar ki, bütün yeməklərimizdə xüsusi ədviyyatlar olur. Sizdə isə yox. Ona görə də əvvəlcə qəribə gəlirdi.  Amma bir az keçəndən sonra alışdıq. İndi ləzzətlə yeyirik.

Gələcək planlarından danışan hindistanlı tələbələrdən Abicit təhsilini bitirdikdən sonra geri qayıdacağını dedi. Krişnalal isə Azərbaycanda qalıb işləmək arzusundadır. Əlbəttə ki, bunun üçün onlara yaxşı oxumaq lazımdır. Bunu özləri də anlayır və ümid edirlər ki, ADDA-nı savadlı mütəxəssis kimi bitirəcəklər.

Musa ƏLİYEV - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır