Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Dəniz Akademiyasında hər şey ürəyimcədir”

Ramal Səmədzadə 1996-cı ildə Saatlıda doğulub. Rayondakı Səməd Vurğun adına 1 saylı məktəbdə orta təhsil alıb. 2014-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Hazırda Akademiyanın “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasının IV kursunda oxuyan Ramal tələbəliyinin son aylarını yaşayır. Təxminən üç aydan sonra Akademiya ilə yollarını ayıracaq. 

Gənc dənizçi bütün gününü oxumaqla keçirir. Düşünür ki, yaxşı gələcək yaxşı təhsildən asılıdır.

  • Ramal, dənizçi peşəsini ürəyinin hökmü ilə seçmisən, yoxsa…
  • Əmim də, dayım da dənizçidirlər. Yadımdadır, mən uşaq olanda dənizçi olduqlarına görə qohumlar onlara xüsusi hörmət edirdilər. Hər kəsdən fərqlənirdilər, əsl dənizçi necə olmalıydısa, əmim və dayım da elə idilər. Onlara baxıb həvəslənirdim. Ona görə də qəbul imtahanından sonra düşünmədən Azərbaycan Dövlət Dəniz Akademiyasını yazdım. Düzdür, ixtisasım daha çox sahillə bağlıdır. Amma yenə də dənizçiliyin inkişafında payım olacaq deyə, sevinirəm.

 

  • Yeri gəlmişkən, ixtisasınıza tələb böyükdür?
  • “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr daşınmaları optimizə etməyi, donanmanın işinin planlaşdırılmasını, nəqliyyat vasitələrinin hərəkət rejimi və şərtlərini, gəmilərin iş göstəricilərinin hesablanmasını öyrənir, gəmilərin avtomatlaşdırılması, sahil qurğularının elektrik təchizatı üzrə ixtisaslaşırlar. Həm yerli, həm də xarici şirkətlərdə tələbat olan ixtisasdır. Bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlar port terminallar, gəmiçilik şirkətləri, su nəqliyyatı üzrə daşınmalarla məşğul olan sənaye müəssisələrində baş mühəndis, elektromexanik, energetik və başqa vəzifələrdə çalışa bilərlər.
  • Təhsil almaq, tələbə olmaq çox yaxşıdır. Xüsusilə, dənizçi tələbə olmağın özəllikləri maraqlıdır…
  • ADDA-nın tələbəsi olmaq qürurvericidir. Zəngin kitabxana, laboratoriyalar, Təlim Mərkəzi, təcrübəli müəllimlər biliklərimizin artırılmasında mühüm rol oynayırlar. Digər tərəfdən, Akademiya tələbələri geyim forması, gündə iki dəfə pulsuz yeməklə təmin edir. Məsələn, mən yataqxanada qalıram. Hər şey ürəyimcədir. Yaxşı ki, Dəniz Akademiyasına qəbul olmuşam.

 

  • Hazırda təcrübədəsiniz? Öyrənmək üçün hansı imkanlar var?
  • Bundan əvvəl də təcrübədə olmuşuq. İndi isə “AXDG” QSC-nin İstismar-kommersiya departamentində təcrübə keçirik. Öyrəndiklərimizi burada praktiki baxımdan təkmilləşdiririk. Departamentin əməkdaşları bizə hər cür kömək edirlər. Əminəm ki, onların təcrübələri gələcək işimizdə çox yarayacaq.
  • Gələcək planlarınızı bilmək olar?
  • Təhsilimi xaricdə davam etdirmək, peşəkar kadr kimi dövlətimə faydalı vətəndaş olmaq istəyirəm. Bunun üçün çox çalışıram, əlimdən gələni edirəm. İnanıram ki, istəyimə nail olacağam.

 

  • Son olaraq, dənizçi dostlarınıza, dənizçi olmaq istəyənlərə nə demək istəyərdiniz?
  • Dənizçilik çox çətin peşələrdən biridir. Amma bu elə bir işdir ki, sən hər dəqiqə öyrənirsən, dünyagörüşünü artırırsan, yeni insanlar, yeni limanlar, yeni ölkələr görürsən. Olduqca maraqlıdır. Kim ki, dənizçi olmaq istəyir, qorxmasın. Əvvəldə dediyim kimi, Dəniz Akademiyasında təhsil almaq üçün hər cür şərait var. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi səviyyəsində də dənizçi tələbələrə hər zaman dəstək göstərilir. Məsələn, “AXDG” QSC-nin sədri Rauf Vəliyevin göstərişi ilə əlaçı tələbələrə işlə təmin olunmaq üçün “Zəmanət məktubu” verilir. Xaricdə oxumaq üçün “Təqaüd Proqramı” təsis edilib və s.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır