Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Azərbaycan və Türkiyə arasında dəniz nəqliyyatı sahəsində təlimlərin keçirilməsinə dair razılıq əldə olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Nazirlikdən bildirilib ki, səfər Türkiyə ilə Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədini daşıyıb.

Səfərin ilk günündə Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ankara şəhərində Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanla, eləcə də Tərsanələr və Sahilboyu Tikililər Baş İdarəsinin müdiri Sahil Tanla ikitərəfli görüşlər keçirib. Görüş zamanı Azərbaycanla Türkiyə arasında çoxşaxəli münasibətlərin inkişaf səviyyəsindən danışılıb və dəniz nəqliyyatı sahəsi üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mövcud geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin perspektivləri müzakirə edilib. Görüşlərdə Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların tənzimlənməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində “Vahid Pəncərə” sisteminin tətbiqi müzakirə mövzusu olub.

Bununla yanaşı, Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi, liman və bayraq nəzarəti müfəttişləri və gəmi hərəkətinin idarə edilməsi sisteminin operatorları üçün təlimlərin keçirilməsinə dair razılıq əldə olunub.

İkitərəfli görüşlər zamanı sözügedən idarələrin fəaliyyətinə dair təqdimatlar da keçirilib.

Səfər çərçivəsində Tekirdağ şəhərində yerləşən Türkiyənin Milli Dəniz Təhlükəsizliyi və Təcili Müdaxilə Mərkəzində, həmçinin ilk konteyner tranzit limanı olan “Asyaport” limanında da görüşlər keçirilib. Nümayəndə heyəti “Asyaport” limanının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, nümayəndə heyətinin İstanbul şəhərindəki Liman İdarəsində də görüşü nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır