Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Su altında qalmadığına görə hər kəsi təəccübləndirən adadan - REPORTAJ

Almaniyanın ərazisinə görə (185 kv.km) üçüncü ən böyük adası sayılan Fehmarn (Schleswig-Holstein torpağı) Baltik dənizində, materikdən bir kilometr aralıda yerləşir. Bura standart səyahət marşrutlarından bezənlər üçün əla yerdir. Adada aktiv və ailəvi istirahət üçün hər bir şərait var. Beləliklə, "Report"un Avropa bürosu Almaniyanın su altında qalmadığı təəccüb doğuran adasından hazırladığı reportajı təqdim edir. 

Deməli, 1963-cü ildən adanı materiklə uzunluğu 963 metr olan arkoşəkilli "Fermanzund" avtomobil və dəmiryolu asma körpüsü birləşdirir.

Adanın səthi, demək olar ki, tamamilə düzdür və sanki sudan baxan gözə bənzədiyindən ona “Baltik dənizinin gözü” adı verilib. Adanın əsrlərdən bəri hələ də Baltik dənizinin hündür dalğalı suları altında qalmaması isə mütəxəssisləri təəccübləndirir. Fehmarn 78 km boyunca uzanan ağ qumlu çimərliklərə malikdir. Regionun ən hündür yeri "Hinrichsberg" təpəsidir (27,2 metr).

Adanın iqlimi mülayimdir. Bura ölkənin ən günəşli yerlərindən biridir. Günəşli saatların sayı illik 2200-ə çatır. Adanın payızı xüsusilə gözəldir.

Əhalisi 13 min nəfər olsa da, lakin yayda demoqrafik vəziyyət dəyişir və yerli sakinlərə 100 mindən çox turist qoşulur. Əhalinin əsas hissəsi almandır, qonaqpərvər və yardımsevərdirlər. Burada istər kişi, istərsə də qadınlar üçün əl verib görüşməmək nəzakətsizlik sayılır. Adada türklərə, çox az sayda isə azərbaycanlılara və cənubi azərbaycanlılara rast gəlmək olar.

X əsrə qədər bura vaqrların məskəni olub. Digər mənbələrə görə isə adada slavyanlar yaşayıblar. 1022-ci ildə danimarkalıların işğalına məruz qalan ada Odense yepiskopluğuna tabe edilib. Burada ilk kilsənin inşası 1198-ci ilə təsadüf edir. Ada dəfələrlə işğal və hücumlara məruz qaldığından burada vaqr tarixini xatırladacaq heç bir iz qalmayıb.

Burg-auf-Fehmarn-da payız

Adanın paytaxtı Burg-auf-Fehmarndır. Şəhər əsl alman koloritləri və memarlıq üslubu ilə göz oxşayır. Bu nağılları xatırladan şəhərdə diyarşünaslıq muzeyini, 1901-ci ildə qırmızı kərpicdən inşa edilmiş ratuşa binasını, onun ətrafında olan 1230-cu ilə aid müqəddəs Nikolay kilsəsi və bir çox restoranları ziyarət etmək olar. Burada yerli mətbəxlə yanaşı, İtaliya və türk mətbəxi təamlarından da dadmaq olar. Adada geniş dəniz məhsulları seçimi var.

Həftə sonları şəhər meydanında yarmarka və festivallar təşkil olunur. Avqustda isə bura Almaniyanın hər bir yerindən nümayəndələr şərab festivalına qatılır.

Adadan bir neçə km aralıda buxta yerləşir. Burada 1968-ci ilə məxsus sualtı qayıq sərgilənir. Fehmarn həm də öz mayakları ilə məşhurdur. Onlardan biri (Flügge mayakı, 37 metr) aprel-oktyabr aylarında ziyarət üçün açıq olur. Yayda buxtaya lunopark və şeytan çarxı gətirilir ki, ona minməklə bütün buxta və şəhəri quş uçuşundan izləmək mümkündür.

Müqəddəs Nikolay kilsəsi, XIII əsr

Buxta həmçinin aktiv istirahət üçün maraqlıdır. Çoxsaylı həvəskarlar burada vindsörfinqlə məşğul olurlar. Fehmarnda həmçinin hər il kaytsörfinq çempionatı keçirilir. Burada həmçinin atçılıq, qolf idmanı, dalğıclıq və balıqçılıqla məşğul olmaq fürsəti var. Ada səthinin düz olması velosiped sürməyi əsl zövqə çevirir.

Yazda raps bitkilərinin çiçəkləməsi adanı əməlli-başlı açıq sarı rəngə boyayır. Bu bitkidən biodizel yanacağı əldə olunur.

Fehmarnın hər bir yerində külək generatorlarına rast gəlmək olar.

Adada dəniz mərkəzi ("Meereszentrum") fəaliyyət göstərir. Buradakı 30 müxtəlif akvariumda mərcan rifləri arasında tropik dənizlərdən gətirilmiş 350 adda 1500 canlı bəslənir. Okeanariumun ən cəlbedici sakinləri köpək balıqlarıdır. Bu yırtıcıları ziyarətçilərdən 22 sm qalınlıqlı şüşə ayırır. Mərkəzdə "Ginnesin rekordlar kitabı"na düşən tunel-akvarium var. Tuneldən keçməklə özünüzü akvariumda hiss edə bilərsiniz. Giriş 7-11 avrodur.

Okeanarium yaxınlığında "Kəpənək" təbiət muzeyi və "Galileo" elmi muzeyi fəaliyyət göstərir. "Galileo" özlüyündə "Texnologiya" və "Təbiət tarixi" bölmələrindən ibarətdir. "Kəpənək" muzeyində tropik bitkilər arasında 30 adda 1000 kəpənək saxlanılır. Burada iquana, çanaqlı bağa və balıq növlərinə rast gəlmək olar.

Okeanarium və "Galileo" muzeyi

Adanın qərb ucunda 200-dən çox nadir quş növünün yaşadığı "Walnau" Təbiət Qoruğu (sahəsi 300 hektar) var. Burada durbin ilə quşları yaxından izləmək mümkündür.

Fehmarn adasının cənub çimərliyi boyunca akvapark və "FehMare" istilik kompleksi fəaliyyət göstərir, burada masaj və duzlu su hovuzu, həmçinin müxtəlif sauna və attraksionlardan yararlanmaq olar.

Musiqisevərlər adada dünya şöhrətli Amerika virtuoz gitaraçısı Cimmi Hendriksin şərəfinə qoyulmuş abidəni ziyarət edə bilərlər. Bütün dövrlərin ən yaxşı gitaraçısı son konsertini məhz burada verib. 1970-ci il sentyabrın 6-da baş tutan konsertdə Hendriks əvvəlcə izləyicilər tərəfindən hədsiz dərəcədə pis qarşılansa da, sonradan vəziyyəti ələ ala bilib və 13 mahnıdan ibarət konsertini uğurla başa çatdırıb.

Materikdən adaya həm avtomobil, həm də Lübek şəhərindən birbaşa qatar reysi ilə getmək olar. Dəmiryolu vağzalı paytaxt Burqdadır. Şəhər mərkəzindən adanın istənilən yerinə avtobusla 2 avroya getmək olar. Adanı velosipedlə də gəzmək mümkündür. Qatar Lübekdən Fehmarna 1 saat 28 dəqiqəyə gedir.

Bakıdan Fehmarna birbaşa məsafə 3248.7 km və ya 2018.7 mildir. Azərbaycandan adaya getmək üçün ən rahat variant Bakı - Berlin - Lübek - Fehmarn marşrutudur. Bakıdan birbaşa təyyarə reysi ilə 5 saata Berlinə, oradan isə 3 qatar dəyişməklə üç saat yarıma Fehmarna çatmaq olar. Qatarlara veriləcək ümumi gediş haqqı 32 avrodur. Lübekdən Fehmarna avtobus və gəmi ilə də getmək seçimi də var.

Yay aylarında isə Hamburq, Köln, Frankfurt və Qərbi Almaniyanın digər şəhərlərindən Fehmarna qatar reysləri təşkil olunur.

Fehmarna getmişkən Danimarkanın Lolland adasına da baş çəkmək olar. İki ada arasında məsafə cəmi 18 km-dir. Lollanddan paytaxt Kopenhagenə isə birbaşa avtoban var. Adanın Putqarden rayonundan Danimarkaya bərə xidməti fəaliyyət göstərir. Bərə 40 dəqiqəyə Lollanda çatır. Tezliklə isə iki adanı sualtı tunel birləşdirəcək.

Hər bir yerdə olduğu kimi, burada da gecələmək üçün seçim müxtəlifdir: otellər, pansionatlar, kempinqlər və şəxsi evlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır