

Analitiklər:Konteyner daşımalarında təklif bolluğu 2028-ci ilədək davam edə bilər
Konteyner daşıma sektorunda gəmilərin həddindən artıq sifariş olunması və köhnə donanmanın utilizasiyasında gecikmələr nəticəsində bazarda uzunmüddətli təklif bolluğu formalaşır.
"Seanews.az" xəbər verir ki, analitiklər bu vəziyyətin ən azı 2028-ci ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.
Məlumata görə, 2026-cı ilədək konteyner donanmasının daşıma qabiliyyəti 2019-cu illə müqayisədə 46 faiz artacaq. Eyni zamanda, bu dövrdə yük həcminin yalnız 22 faiz yüksələcəyi gözlənilir. Bu qeyri-bərabərlik bazarda tariflərin azalmasına və operatorlar arasında sərt rəqabətə səbəb ola bilər.
Böyük daşıyıcı şirkətlərin yeni gəmi sifarişlərini davam etdirməsi vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda, mövcud donanmanın söküntü prosesinin zəif aparılması da təklifin azalmasına imkan vermir.
"Maersk" kimi nəhəng şirkətlər belə, gəlirlərin azaldığını və bəzi istiqamətlərdə tariflərin xərcləri qarşılamadığını etiraf edir. Qırmızı dənizdə təhlükəsizlik problemləri fonunda qiymətlərdə qısa müddətli artım yaşansa da, bu dəyişiklik ümumi bazar balansına ciddi təsir etməyib.
Mütəxəssislər hesab edir ki, sektorun sabitliyini bərpa etmək üçün yeni gəmi sifarişlərinə nəzarət olunmalı, köhnə donanmanın utilizasiyası sürətləndirilməli və tarif siyasətləri yenidən nəzərdən keçirilməlidir.