Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Birləşmiş Antverpen-Brügge limanının yük dövriyyəsi ildə 278 milyon tona çata bilər

Bu ilin yanvar-iyun aylarında Antverpen-Brügge limanının ümumi yük dövriyyəsi 147,2 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur. Liman Administrasiyasının press-relizində qeyd olunur ki, hazırkı geosiyasi və makroiqtisadi kontekstdə bu çox da böyük olmayan artım, liman terminalının tıxacları ilə davam edən qlobal problemlər səbəbindən konteyner daşımalarının azalmasına baxmayaraq, iki Belçika limanının birləşdirilməsinin faydasını təsdiqləyir.

“Seanews.az”-ın məlumatına görə, 2021-ci ilin birinci yarısının yüksək göstəriciləri ilə müqayisədə, 2022-ci ilin altı ayı ərzində limanın konteyner ötürmə qabiliyyəti tonla 9,8% və 20 fut ekvivalent vahidlərdə (TEU) 6,2% azalıb. Qlobal konteyner daşınmasında fasilələr, gəmi gecikmələri və yüksək həcmdə idxal olunan yüklər səbəbindən gəmiçilik sənayesi əməliyyat problemləri ilə üzləşməkdə davam edir. Bundan başqa, Rusiya ilə bağlı konteyner yüklərinin həcmi 39% azalıb.

Eyni zamanda, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müntəzəm ümumi yük seqmentində 22% artım olub və 2011-ci ildən bu yüklərin ən yüksək yükaşırma həcmi qeydə alınıb. Göstəriciyə polad idxalının artması təsir edib. Rusiyadan polad tədarükünün sanksiyaya məruz qalması  başqa ölkələrdən idxalla əvəz olunub. Ağac, faner və meyvələrin aşırılmasında da artım qeydə alınıb.

Hesabat dövründə “Ro-Ro” yüklərinin aşırılması Böyük Britaniya və İrlandiyaya gedən yüklərin hesabına 8,9% artıb: müvafiq olaraq 3,8 milyon ton (+6,8%) və 0,6 milyon ton (+47%). Yeni və işlənmiş avtomobillərin aşırılması 2,5% və 1,7% çoxalıb, yük avtomobillərinin sayı isə 19% azalıb.

Quru yüklər seqmentində aşırmaların həcmi 17,6% artıb. Eyni zamanda, gübrələrin həcmi Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən 2021-ci illə müqayisədə 15,4% azalıb. Qum, çınqıl, əlvan filizlər və metal qırıntılarının həcmi də azalıb. Kömürün aşırılmasında əhəmiyyətli artım qeydə alınıb: 2021-ci ildəki 933 min tona qarşı 2022-ci ilin yanvar-iyun aylarında 1,56 milyon ton. Bu, qazın qiymətinin artması və onun Rusiyadan tədarükünün azalması ilə izah olunur.

Maye yük seqmentində əvvəlki illə müqayisədə 16,5% artım qeydə alınıb. Benzin, nafta və enerji qazlarının aşırılması xüsusilə artıb. 2019-cu ildən etibarən limanda dizel yanacağı və mazut işlənməsinin davamlı olaraq azalmasına baxmayaraq, cari ilin altı ayı ərzində onların həcmi 10,4 faiz artıb. Digər neft məhsulları və kimyəvi yüklərin aşırılması da müvafiq olaraq 9,9 faiz və 12,3 faiz artıb. Hesabat dövründə LNG-nin aşırılma həcmi 55,3% artaraq 8,4 milyon tona çatıb ki, bu da Avropa ölkələrinin qış mövsümü ərəfəsində qaz ehtiyatlarının artırılması ilə izah olunur.

2022-ci ilin birinci yarısında Brügge limanına 64 kruiz gəmisi daxil olub.

Şimal dənizindən 90 km məsafədə, Şelda çayı üzərində yerləşən Antverpen (Belçika) dəniz və çay limanı eyni vaxtda “Capesize” gəmiləri də daxil olmaqla 400-ə qədər gəmi qəbul edə bilər. Limanın yanalma körpüləri 100 km-ə çatır, körpülərdə dərinlik 5-17,5 metrdir. Antverpen Şimal dənizinin əksər limanlarından daha əlverişli yerdə yerləşir:onun terminalları dəmir yolu, çay və avtomobil nəqliyyatı vasitəsilə ölkənin daxili hissələri ilə bağlıdır. Antverpen limanı idarə olunan yük axınına görə Avropada Rotterdamdan sonra ikinci yerdədir. 2021-ci ilin fevralında Belçikanın Antverpen və Brügge şəhərlərinin bələdiyyələri iki limanın birləşdirilməsi barədə razılığa gəliblər, 2022-ci ilin aprelində isə liman idarəetmə şirkətinin səhmdarları arasında müqavilə imzalanıb. İlkin proqnozlara görə, Antverpen-Brügge birləşmiş limanının yük dövriyyəsi ildə 278 milyon tona çata bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır